bulvarda-kino-axsami-adli-yeni-layihe

“Bulvarda kino axşamı” adlı yeni layihə

İyulun 19-da Dənizkənarı Milli Parkda “Bulvarda kino axşamı” adlı yeni layihəyə start veriləcək. 

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək yeni layihə çərçivəsində “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi nümayiş ediləcək. 

Bulvar ərazisində açıq havada saat 20:00-da “Görüş” filminin nümayişi ilə start verilən “Bulvarda kino axşamı” adlı layihədə sevilən filmlərin nümayişindən əlavə, “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənəcək. Sərgini ziyarət edənlər sevilən film qəhrəmanlarının qiyafələri, aksessuarları, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları ilə yaxından tanış ola biləcəklər.

Qeyd edək ki, layihənin məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, eyni zamanda Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, ölkəmizə gələn turistlərə də tanıtmaqdır.