bu-il-aktiv-mesgulluq-proqramlarindan-68-minden-cox-sexs-faydalanib

Bu il aktiv məşğulluq proqramlarından 68 mindən çox şəxs faydalanıb

Cari ilin yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq proqramlarından 68 mindən çox şəxs faydalanıb.

İnsider.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, onlardan 34 minə yaxın şəxs işlə təmin olunub. 1000-dən çox iştirakçı özünüməşğulluq proqramına, 212 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. 33 minə yaxın gəncə isə peşəyönümü məsləhətləri verilib.

Həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin birinci rübü ərzində bir sıra ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də keçirilib. İl ərzində 10-dan çox ali təhsil ocağında belə aktiv məşğulluq tədbirlərinin keçirilməsi, həmçinin gələn aydan respublikamızın bölgələrində əmək yarmarkalarının keçirilməsinə başlanması nəzərdə tutulur.