youtube-abune-sayinin-eks-olunmasina-deyisiklik-edir

“YouTube” abunə sayının əks olunmasına dəyişiklik edir

Cari ilin avqust ayından “YouTube” kanallardakı abunələrin sayğacını dəyişəcək – onlar dəqiq say əvəzinə yuvarlaqlaşdırılmış say əks etdirəcəklər. İnsider.az bunu videoservisin bloquna istinadla xəbər verir.

Məsələn, 4227 abunəni sayğac “4,2 min” kimi, 51 389 232 abunəni isə “51 milyon” kimi göstərəcək. Dəqiq abunə sayını kanallların sahibləri görəcək.

Abunə sayı ilə bağlı dəyişikliklər təkcə “YouTube” saytına və tətbiqinə deyil, “API” servisinə də toxunacaq. Blogerlərin populyarlığını ölçən “Social Blade” şirkəti bildirib ki, “YouTube”-un yeni sayğaclarına görə ona məlumat toplamaq çətin olacaq.

“Social Blade”-in rəhbəri Ceyson Arqo (Jason Urgo) “The Verge”-ə şirkətinin təfərrüatlar üçün “YouTube”-a müraciət etdiyini, lakin hələ də cavab ala bilmədiyini söyləyib. “The Verge” qeyd edir ki, videoservis sayğacların dəyişdirilməsi səbəbini izah etməyib və bunun blogerlərin bir-birilə rəqabət apardıqları və kəskin abunə artımı və ya enişinə görə təzyiqə məruz qaldıqları ilə bağlı olub-olmadığını şərh etməyib.

Digər platformalar da metrikalarla eksperiment aparır: məsələn, “Instagram” istifadəçilərə təzyiqin azaldılması üçün şəkillərin altındakı layk sayğacının söndürülməsini test edir, “Twitter” isə layk və retvitlərin sayını gizlətmək barədə düşünür.

Samirə Məmmədova