yenidentutmadan-nece-yayinmali-girov-qoyanlarin-nezerine

Yenidəntutmadan necə yayınmalı? – Girov qoyanların nəzərinə

“Satışa çıxarılmış girov birinci hərracda satılmadığı halda ikinci hərracda 15% aşağı qiymətlə satışa çıxarıldığı zaman borclu özü və ya ailə üzvlərindən kimsə həmin girovu ala bilər”. 

Bu sözləri İnsider.az-a Azərbaycanda “İpoteka haqqında” qanuna dəyişikliklərlə bağlı açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki,  girov predmetinin dəyəri borcun məbləğindən az olduqda, borclu üçün problem yarana bilər. Belə ki, borcun qalıq hissəsində aldığı girov predmetinə yenidəntutma yönəldilə bilər. 

“Buna görə də təcrübədə bu halda adətən girov predmetini borclu özü deyil, ona yaxın şəxslər, məsələn, ailə üzvləri əldə edir. Burada xüsusilə nəzərə almaq lazımdır ki, girov qoyan borclu olmaya da bilər və bu halda sözügedən problem yaranmır. Məsələn, siz mənim borcuma görə evinizi girov qoymusunuz. Təbii, bu halda hərracda evi özünüz də ala bilərsiniz, bununla borc tam bağlanmadıqda belə, sizə qarşı daha heç bir pretenziya ola bilməz, çünki borcu siz götürməmisiniz, mən götürmüşəm. Amma tutaq ki, borcu da mən götürmüşəm, evimi də mən girov qoymuşam. Tutaq ki, borcum 100000 manatdır. Hərracda özüm evimi 80000 manata aldım. Problem bitmədi bununla, çünki 20000 qaldı. Kreditor yenidən evimə tutma yönəldəcək. Amma hərracda evi 80000 manata mən deyil, qardaşım (atam, anam və s.) alarsa, həmin evə kreditor daha yönəltmə edə bilməz. Təbii, qalan 20000 manatı məndən tələb edəcək, amma evə tutma yönəldə bilməyəcək. Bu halda məsələn gəlirim və başqa əmlakım yoxdursa, faktiki həmin qalıq -  20000 silinməlidir”, - deyə ekspert aydınlıq gətirib.

Qanunla müəyyən edilmiş günlərdə satış  xəbərdarlığı almadığı təqdirdə borclu nə etməli?

“Azərbaycanda “İpoteka haqqında” qanuna dəyişikliklərə əsasən borcluya girovun satılması ilə bağlı ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

Sözügedən bildiriş ipoteka predmetinə tutmanın yönəldilməsindən əvvəl həyata keçirilməlidir. Həmin bildiriş göstərilən müddətdən sonra da ipoteka qoyana çatdırıldıqda, yaxud borclu borclu qeyd edilən bildirişi almadığı təqdirdə, məhkəmə prosesində öz hüquqlarını müdafiə edə bilər”, - deyə ekspert vurğulayıb. 

Nübar Lətifli