“Uber” taksi servisinin mənfəəti 2019-cu ilin yanvarından mart ayınadək təxminən 3,1 milyard dollar təşkil edib. Buna baxmayaraq, şirkət 1,01 milyard zərərlə üzləşib. İnsider.az bu barədə “Kommersant”a istinadla xəbər verir.
Müvafiq məlumat “Uber”in cari ilin ilk rüb yekunları üzrə maliyyə hesabatında verilir.
Hesabata əsasən, servis vasitəsilə gedişlərin bron edilmə sayı ötən ilin anoloji dövrü ilə müqayisədə 34% artıb. Üç ay ərzində gedişlərin ümumi dəyəri 14,6 milyard dolları keçib. Dünyada “Uber”in aylıq fəal istifadəçilərinin sayı 93 milyon nəfərə çatıb.
May ayında “Uber” Nyu-York fond birjasında (NYSE) səhmlərinin ilkin ictimai təklifini (IPO) keçirib. Şirkətin IPO-su son beş ilin ən böyüyü olsa da, “NYSE” tarixində ən pisi olma ehtimalı da var. IPO-nun elə ilk günündə investorlar 617 milyon dollar itiriblər.
Samirə Məmmədova