sigorta-bazarinin-yeni-gostericileri-aciqlandi

Sığorta bazarının yeni göstəriciləri açıqlandı

2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 milyon manat məbləğində sığorta haqları toplanıb, 93.8 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.  

İnsider.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.     

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350.8 milyon manat məbləğində sığorta haqları toplanmış, 97.5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, illik müqayisədə yığımlar 8,9%, ödənişlər isə 3,8% azalıb.

5 ay ərzində könüllü sığorta bazarı üzrə haqlar 212.7 milyon manat, ödənişlər isə 64 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 milyon  manat, ödənişlər isə 29.8 milyon manat olub.

2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-i könüllü, 33.4%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  68.3%-i könüllü, 31.7%-i icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü 2% (2.4 mln. manat), həm də icbari növləri 10% (7.7 mln. manat) üzrə artım müşahidə edilmişdir.  Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta 20% (10.6 mln. manat) və daşınmaz əmlakın icbari sığortası 33.0% (4.0 mln. manat) üzrə olub.

Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 18% (3.5 mln. manat) qeydə alınmışdır.