“Bu gün dövlət tərəfindən sahibkarlığın inkişafı çərçivəsində dövlət tərəfindən həm maarriflədirmə, həm inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı eyni zamanda dövlətin güzəştli kreditinin verilməsi istiqamətində də tədbirlər həyata keçirilir”.
İnsider.az xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Azərbaycan Menecment və İnnovasiya Forumu” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bu günədək 36 minədək sahibkara lahiyələrin ümumi dəyəri 5,3 milyard manat təşkil edən lahiyələrin maliyyələşdirilməsinə Sahibkarlığın İnkişaf Fondu tərəfindən 2,3 milyard manat güzəştli kredit verilmişdir ki, bu lahiyələrin reallaşdırılması nəticəsində 165 mindən çox yeni iş yeri yaradılmışdır. Sevindirici hal da ondan ibarətdir ki, bu gün real sektora qoyulan investisiyalar öz nəticəsini verməkdədir. Belə ki, Sahibkarların İnkişaf Fondu tərəfindən maliyyələşdirilən 2,3 milyard manat güzəştli kreditin məhz 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına təmin olunmuşdu ki, bu da ayrılan vəsaitlərin səmərəsinin göstəricisidir”.
Nazir müavini bu gün həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayının 990 mindən artıq olduğunu qeyd edib.
O, həmçinin ölkədə formalaşmış ixrac potensialı formalaşdığı bildirib. “Ölkədə istehsal olunan məhsullar həm yerli istehlak bazarını təmin edir, eyni zamanda xarici bazarlara ixracı da nəzərdə tutulub. Əsas hədəflərdən biri elə xarici bazarlara rəqabət qabiliyyətli məhsul çıxartmaqdır. Avtomobil sənayesi də ölkəmizdə inkişaf edir”.
Nübar Lətifli