resad-nebiyev-azerbaycanda-innovasiyalar-yeterli-seviyyede-deyil

Rəşad Nəbiyev: “Azərbaycanda innovasiyalar yetərli səviyyədə deyil”

“Bu gün Azərbaycanda innovasiyaların yetərli səviyyədə olmaması ilə bağlı müxtəlif fikirlər var və biz bununla razıyıq”.

Bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Bunun əsas səbəbi eksosistemin tam formalaşmamasıdır. Əsas məsələ insan resurslarının inkişafıdır. Əgər bu gün bazarda IT şirkətlər, banklar insanlara yüksək məvacib müqabilində iş təklif edirlərsə, onlar böyük ehtimalla gedib öz şirkətlərini yaradıb, startap edib riski öz üzərlərinə götürməyəcəklər. Çünki bizim dediyimiz o "opportunity cost" kifayət qədər yüksəkdir. Məqsədimiz odur ki, bazara elə bir sayda insan təklif edək ki, bazar doyduqdan, onlar bəlli bir şirkətlərdə o yolu keçdikdən sonra nəyin işləyib-işləməməsini müəyyən etsinlər. Bu riski öz üzərilərinə götürə bilmələri üçün əsas amillərdən biri bazarda intellektual məhsulun qorunmasına əmin olmaqdır. Son illər ölkəmizdə məhkəmə-hüquq islahatları uğurla həyata keçirilir. Hesab edirəm ki, bu məsələlərin paralel olması bizim gənclərə ümid verəcək ki, onların yaradacağı istənilən bir şirkət gələcəkdə gəlir gətirəcək”, - nazir qeyd edib.

Report