qeyri-neft-sektoru-uzre-ixrac-17-artib

Qeyri-neft sektoru üzrə ixrac 17% artıb

2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikasının ixracı 4,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard ABŞ dolları və ya 34% artıb.

İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin aprel ayı üçün olan sayında göstərilib.

Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 415 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 59 milyon ABŞ dolları və ya 16,5% artıb. Bu ilin birinci rübü ərzində Rusiyaya 115 milyon, Türkiyəyə 99 milyon, Gürcüstana 50 milyon, İsveçrəyə 33,7 milyon və İrana 12,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk üç ayında Rusiyaya qeyri-neft ixracı 17%, Türkiyəyə 2%, Gürcüstana 58%, İtaliyaya 74% artıb.

2019-cu ilin I rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (38,4 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (38,4 milyon ABŞ dolları) ikinci və mahlıc (37,4 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2019-cu ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 103,5 milyon, elektrik enerjisinin ixracı 38,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 48,4 milyon, pambıq lifi ixracı 37,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 17,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,5 milyon, pambıq ipliyi ixracı 6,4 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında pambıq lifinin ixracı 2,8 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,8 dəfə, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 50%, kimya sənayesi məhsullarının ixracı 42%, pambıq ipliyinin ixracı 34%, meyvə-tərəvəzin ixracı 28%, elektrik enerjisinin ixracı 13% artıb.

2019-cu ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133,7 milyon ABŞ dolları təşkil edib. Bu ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal Türkiyəyə (35,7 milyon ABŞ dolları), Rusiyaya (33,3 milyon ABŞ dolları) və Gürcüstana (13,2 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (13,7 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 12,3 milyon ABŞ dolları) ikinci, daranmaya məruz qalmamış pambıq lifi (11,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.