ozel-sirketler-aqrokadr-az-portali-ile-emekdasligi-genislendirir

Özəl şirkətlər “Aqrokadr.az”  portalı ilə əməkdaşlığı genişləndirir

Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib

Aqrokadr.az portalı vasitəsilə dövlət və özəl müəssisələrin əməkdaşlığı davam etdirilir.

Aqrar sahədə məşğulluğun artırılması, iş imkanlarına əlçatanlığın təmin edilməsi və müəssisələrə aqrar kadr potensialının inkişafına dəstək olmaq məqsədilə yaradılan Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib.

Kənd Ttəsərrüfatı sahəsində ixtisaslaşan şirkətlərdən “AzBadam” MMC, “Grad Agro LLC”, “Agro Dairy”, “Azersun Holdinq”, “Agrarco” və “Aqromarket” MMC əkinçilik, heyvandarlıq, baytarlıq, sürücü-mexanik və sosial media menecerliyinə dair iş elanlarını karyera portalında dərc ediblər.

İşaxtaranlar Aqrokadr.az  portalında  qeydiyyatdan keçərək vakansiyalarla tanış ola və sayt üzərindən aqrar sahə üzrə təqdim olunan iş yerləri ilə bağlı müraciət edə bilərlər. İş üçün müraciət edən şəxslər işəgötürənlər tərəfindən fərdi seçim əsasında müsahibələrə dəvət ediləcəklər.

Maraqlı şirkət və qurumlar “aqrokadr.az” saytında elanların yerləşdirilməsi və peşəkar kadrların cəlb edilməsi  sahəsində əməkdaşlığa dəvət olunur.

Qeyd edək ki, Aqrokadr.az Karyera Portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 16.08.2021 tarixində ictimaiyyətə təqdim edilib. Portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir.