nigar-arpadarai-zengezur-dehlizi-ile-bagli-real-addimlar-gormek-isteyirik-sozler-yox-emeller-onemlid

Nigar Arpadarai: Zəngəzur dəhlizi ilə bağlı real addımlar görmək istəyirik. Sözlər yox, əməllər önəmlidir

Cənubi Qafqaz regionumuz çoxlu sayda eniş-yoxuşlu anlar yaşayıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi regiona öz dəhşətli təsirlərini göstərmiş və inkişaf üçün mövcud olan imkanlara mane olmuşdur. Ancaq bu gün Azərbaycan regionda yeni reallıq yaradıb. Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ bölgələrinin işğaldan azad olunması və erməni işğalçı qüvvələrinin ərazimizdən çıxarılmasından sonra tamamilə yeni vəziyyət yaranıb. Burada yeni imkanlar və yeni risklər meydana çıxıb.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Nigar Arpadarai qurumun yay sessiyasında çıxışında deyib. Bildirib ki, Cənubi Qafqaz bölgəsi hazırda Mərkəzi Asiya ilə Avropanın logistik əlaqəsi üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu gün bu yeni vəziyyətdən səmərəli istifadə etmək mühüm məsələyə çevrilib.

“Ermənistan və Azərbaycan arasında imzalanmış bəyanatın əsas müddəalarından biri Ermənistanın Azərbaycanın Qərb rayonları ilə onun Naxçıvan bölgəsi arasında maneəsiz nəqliyyat dəhlizini təmin etmək öhdəliyidir”, - deyə o, bildirib.

Hazırda Ermənistan Respublikasının ərazisində olan Qərbi Zəngəzur rayonundan keçən bu dəhliz Qərbi Azərbaycan torpaqlarını birləşdirən tarixi marşrutdur. Əvvəllər orada əsrlərlə yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalmış, şəhər və kəndlərin adları dəyişdirilmiş, onların tarixi irsi tamamilə məhv edilmişdir. Əvvəllər Cənubi Qafqazın bir hissəsini birləşdirən Zəngəzur Qərbi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz illik işğalı zamanı ayırıcı divara çevrilmişdir”, - söyləyən N. Arpadarai Zəngəzur dəhlizinin açılmasının humanitar məqsədlər üçün vacib olduğunu diqqətə çatdırıb.

Qeyd edilmişdir ki, bu yol həmçinin, strateji əhəmiyyətli beynəlxalq nəqliyyat marşrutudur, Mərkəzi Asiya və Çindən tutmuş Cənub-Şərqi Avropaya və hətta Yaxın Şərqə qədər iqtisadiyyatları birləşdirəcək. Bu marşrut Cənubi Qafqazı yenidən mühüm yolayrıcına, əhəmiyyəti yenidən artan İpək yoluna çevirəcək. İndiki beynəlxalq vəziyyətdə belə bir dəhlizin əhəmiyyəti son dərəcə qiymətlidir. Bu nəqliyyat dəhlizini açmağı öhdəsinə götürmüş Ermənistan isə il yarımdan çoxdur ki, onun icrasından yayınır və bütün bəhanələrdən istifadə edir.

Azərbaycanlı deputat Zəngəzur dəhlizinin siyasi əhəmiyyəti ilə yanaşı, onun iqtisadi faydasına toxunaraq Ermənistanın rəsmi öhdəliyini yerinə yetirməli olduğunu bildirib. Qeyd edib ki, artıq 30 ildən çoxdur ənənəvi əlaqələrin blokadasından əziyyət çəkən naxçıvanlılar bu nəqliyyat dəhlizinin açılmasını gözləyirlər.

“Real addımları görmək istəyirik. Sözlər yox, əməllər önəmlidir. Bölgəmizdə sülhə və davamlı inkişafa yalnız bütün tərəflər öz öhdəliklərinə əməl etdikdə nail olmaq mümkündür”, - deyə N. Arpadarai Avropa Şurasına, avropalı parlamentarilərə səslənərək, Ermənistandan götürdüyü öhdəliyi yerinə yetirməyi tələb etməyə çağırıb.