merkezi-bank-depozit-herracinin-sertlerini-deyisdi

Mərkəzi Bank depozit hərracının şərtlərini dəyişdi

29 aprel 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

İnsider.az xəbər verir ki, diqqəti cəlb edən Mərkəzi Bankın təklifi (cəlb etmək istədiyi məbləği) 350 milyon manatdan 150 milyon manata endirməsidir. Qeyd edək ki, əvvəlki hərraclarda tələb təklifdən az olmuşdu. Mərkəzi Bank, tələb azaldığından məbləği aşağı salmış ola bilər. 

Bu gün Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dəyişiklik etdiyindən (faizlər endirilib) hərracın da faiz şərtləri dəyişib. Faiz dərəcəsi: 6,76% - 8,74% kimi müəyyən olunub. Bundan əvvəlki hərraclarda faiz aralığı 7,01% - 8,99% müəyyən olunurdu. 

Xəbər verdiymiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8.75%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.75%, aşağı həddi isə 6.75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 26 aprel 2019-cu ildən qüvvəyə minir.

Qeyd edək ki, depozit hərracının faizi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında müəyyən edilir. Faiz dəhlizinin aşağı həddi və uçot dərəcəsi dəyişdikdə depozit hərracının da faizi dəyişir.