menzil-bazarinda-qiymetlerin-dusmesi-gozlenilirmi-ekspert

Mənzil bazarında qiymətlərin düşməsi gözlənilirmi? - Ekspert 

“Alternativ sosial proyektlərin həyata keçirilməsi rəqabət nəticəsində alqı-satqı bazarında təklif olunan qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq”. 

Bu sözləri İnsider.az saytına 2019-cu ildə evlərin qiymətlərində mümkün dəyişikliklə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, Ekspertiza Mərkəzinin rəhbəri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, ölkədəki iqtisadi proseslər, eyni zamanda daşınmaz əmlak bazarında baş verənlər belə bir qənaətə gətirib çıxarır ki, 2019-cu ilin ilk yarım rübündə daşınmaz əmlak bazarında ucuzlaşma ehtimalı böyükdür: "Bu, xüsusən mənzil sektoruna aiddir. Çünki dövlət həm güzəştli ipoteka, həm də sosial ipoteka ilə bağlı bir sıra qərarlar qəbul edib. 

Dövlət başçısının sərəncamı ilə mənzillərin uzunmüddətli icarəyə verilməsi və icarəyə götürənlərin ödənişin yekununda mənzilə sahib olması ilə bağlı xüsusi qərar verilib. Bunun nəticəsində vətəndaşların mənzil əldə etmək imkanları artacaq. Yaradılmış şərait, sosial güzəştlər fonunda daşınmaz əmlak bazarında canlanmanın olacağı şübhəsizdir. Bu baxımdan qiymətlərin enmə tendensiyası qaçılmazdır. Vurğulamaq istədiyim başqa bir məqam da var. Dünyada gedən iqtisadi proseslər, qlobal maliyyə böhranı, Azərbaycan iqtisadiyyatının hələ də həmin böhranın təsirindən tam çıxa bilməməsi, öz müqaviməti ilə müəyyən addımların atılması və bu prosesin yekunlaşmaması deməyə əsas verir ki, bu il mənzil bazarında qiymətlərin enməsi müşahidə olunacaq”. 

Vüqar Oruc fərdi yaşayış evləri və obyektlərin də bu il üçün qiymətlərinə aydınlıq gətirib: “İnşaat bazarında tikinti materiallarının qiymətindəki son dövrlər müşahidə olunan bahalaşma ümumi iqtisadi proseslərin fonunda davam edir. Fərdi evlərin tikintisinə tələb olunan xərclərin artması nəticəsində həmin evlərin bazara aşağı qiymətlə çıxarılması inandırıcı deyil. Mənzillərlə bağlı dediyim tendensiyanı fərdi yaşayış evləri ilə bağlı gözləmək olmaz. 

İnşaat materiallarının qiymətində olan artıma paralel olaraq torpağın da qiymətində bahalaşmanın olduğunu bilirsiniz. Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, 2018-ci ilin əvvəlindən sonuna qədər olan müddətdə həm Bakı şəhərində, həm də Azərbaycanın başqa regionlarında torpağa olan tələbat çoxaldığı üçün qiymətlərdə də ciddi artım baş verir. Tendensiyanı təqribi faizlə ifadə etsək 5-15%, bəzi yerlərdə isə 20-25% artım baş verməkdədir. Fərdi yaşayış yerlərində torpağın alınması və üzərində tikinti aparılması baha başa gəldiyi üçün, bu sahədə ucuzlaşma ehtimalı yoxdur. Məsələnin digər tərəfi isə odur ki, daşınmaz əmlak bazarına çıxarılan çox sayda kiçik və böyük həyətyanı sahəsi olan fərdi yaşayış evlərində alqı-satqı faktlarının azalması təklif qiymətlərində ekspozisiya müddətinin uzanmasına, bu isə müəyyən endirim və güzəşlərə gətirir. Öz əmlaklarını qısa müddət ərzində satmağı nəzərdə tutan əmlak sahibi təbii ki, bu zaman müəyyən endirimlər edirlər. Qiymətlərin ümumi ucuzlaşmasına gəldikdə, bu, əsasən mənzil sektoruna aiddir.

Fərdi yaşayış və torpaq sahəsi bu proseslərdə bir balaca kənardadır. Digər bir seqmentdə, yəni qeyri-yaşayış sahələrinin ölkədə, xüsusən, Bakıdakı qiymətləri ilə bağlı fikirlər mənzillə bağlı fikirlərlə üst- üstə düşür.

İnsanların, eləcə də sahibkarların ayrı-ayrı obyektlərin alınması, özəlləşdirilməsi, mülkiyyətinə keçirilməsi kimi təbii proseslərə meyl göstərmələrinə baxmayaraq, alqı-satqı faktları azaldıqca bazardakı təklif qiymətlərində endirimlər müşahidə edirik. 

Bu proqnoz əsasən mənzil seqmentinə aid olsa da, fərdi yaşayış və qeyri-yaşayış sahələrini də bu və digər şəkildə öz təsir dairəsinə ala bilər. Ancaq bu, müəyyən epizodik hallar üçün keçərlidir. Bu tendensiyanı bütövlükdə fərdi yaşayış sahələri və qeyri-yaşayış sahələrinə tam aid etmək olmaz”.

“Sosial evlər inşa edilən zaman özəl sektora təsir göstərməməsi nəzərdə tutulub”, - evlərin ucuzlaşması ilə bağlı deyilən proqnoza ekspert Vüqar Bayramov da aydınlıq gətirib. 

Onun sözlərinə görə, evlərin ucuzlaşacağı xəbərləri sosial evlərin satışı ilə əlaqələndirilir: "Lakin bizim anailizlər göstərir ki, sosial evlər mənzillərin ucuzlaşmasına təsir göstərməyəcək. Bazara çıxarılan sosial evlərin sayı çox deyil. Ümumiyyətlə, sosial evlərin tikintisində özəl şirkətlərin rentabelliyini azaltmamaq əsas götürülüb. 

Nəzərə alsaq ki, Bakıda mənzillərə olan illik tələbat otuz min mənzildir,  Sosial mənzil fondu isə ən yaxşı halda üç min mənzil bazara çıxarır. Bakıda mənzilə olan tələbin 10%i satışa çıxarıla bilər. Yasamal yaşayış kompleksində 1800 mənzil, Hövsan yaşayış kompleksində 3000 mənzil satışa çıxarılacaq. Eyni zamanda mənzillər mərhələli şəkildə təhvil veriləcək. 

Bu baxımdan hələlik sosial evlərin yaxın illərdə ümumi evlərin qiymətinə təsir edəcəyi və ucuzlaşacağına səbəb olacağı gözlənilmir. Ümumi qiymətlərinə təsir edəcək faktor pilot layihələr çərçivəsində bazara çıxarılan evlərdir. Pilot layihələr nəticə etibarilə bazara daha çox mənzilin çıxarılmasını təmin edə bilər. Amma bu, bazara nə qədər mənzil çıxarmasından asılı olacaq. 

Bizim proqnoz növbəti aylarda mənzil bazarında qiymətlərin stabil olacağından ibarətdir. Əgər ilin ikinci yarısında əmlak bazarına daha çox mənzil çıxarılarsa, bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. İndiki halda biz 2019-cu ildə mənzillərin qiymətinin kəskin azalmasını proqnozlaşdırmırıq. Çünki bu sadaladıqlarıma əsasən mənzillərin qiymətinin kəskin azalması inandırıcı deyil. 

Durğunluq olmasına baxmayaraq mənzilə tələb hələ də yüksəkdir. Alıcıların sayı azalsa da, yenə də mənzilə tələbat yüksəkdir. Digər tərəfdən mənzil alqı-satqısı ilə məşğul olanlar da bu işdə rol oynayır. Yumşaq desək, onlar da mənzillərin qiymətinin azalmasına imkan vermirlər. 

Təbii ki, alıcılıq qabiliyyəti ilə mənzillərin qiyməti arasında fərq var. Hazırda alıcılıq qabiliyyəti çox aşağıdır. Bununla belə 2019-cu ildə mənzillərin qiymətində kəskin azalma proqnozlaşdırılmır”. 

Ekspert Nüsrət İbrahimov isə əksinə, evlərin qiymətində artım olacağını deyərək, səbəblərini sadalayıb. 

Onun sözlərinə görə, 2019-cu ildə mənzil bazarında 4-6% bahalaşma gözlənilir. Səbəbi isə ehtimal olunan inflyasiya həddi ilə əlaqələndirib: "İkinci səbəb tikintidə maya dəyərin artımı, üçüncüsü, il üzrə bazarda ehtimal olunan pul kütləsinin çıxalmasıdır. Bu təhlil yalnız Bakı şəhərini əhatə edir".

Nübar Lətifli