ipoteka-krediti-almaq-kimlere-musguldur

İpoteka krediti almaq kimlərə MÜŞGÜLDÜR?

“Bu gün Azərbaycanda banklar tərəfindən ipoteka kreditlərinin verilməsi ilə bağlı müxtəlif tələblər irəli sürülür. Bunlardan biri yaş həddi ilə bağlıdır”.

Bu sözləri İnsider.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli bankların hansı müştərilərə ipoteka krediti verməkdən imtina etməsindən danışarkən deyib. Bildirib ki, ölkədə əvvəllər pensiya yaşı kişilər üçün 64, qadınlar üçün 59 nəzərdə tutulurdu: “İpoteka Fondunun verdiyi kreditlərdə də təqaüd yaşına çıxmış vətəndaşlara kredit verilməsi məhdudiyyəti var. Buna görə də məsələn, 40 yaşlı qadın 20 illik kredit götürmək istəyirsə və bu müddət onun pensiya yaşında bitirsə, o zaman ona ipoteka krediti verilməsindən imtina edilir. Mövcud strateji proqramlara əsasən, 2021-ci ilə qədər hər il 6 ay artırılmaqla, yaş həddi 65-ə çatdırılacaq. Bu da o deməkdir ki, 45 yaşında olan vətəndaşlarımız İpoteka Fondundan kredit ala bilməyəcəklər. Bundan başqa, fondun müvəkkil banklarının irəli sürdüyü şərtlər arasında əmək haqqı tələbi də var. Kredit üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq gəlirinin 70 faizindən çox olduqda vətəndaşa ipoteka krediti verilmirdi, imtina olunurdu. Aylıq ödəniş üçün yüksək əmək haqqı tələb olunması, yeni ailə qurmuş gənclərdən ilkin ödəniş tələbi kimi hallar çətinlik yaradır”. 

Ekspert onu da vurğulayıb ki, İpoteka Fondunda ayrılmış vəsaitlərlə bağlı şəffaflıq problemi var və bu, uzun müddətdir müzakirə olunur: “Bu fonddan kredit alanlarla bağlı məlumatlar bazası yaradılmalıdır. Fonddan kimlərin kredit aldığı şəffaf şəkildə açıqlanmalıdır. Bəzən rəsmi dairələr deyir ki, bu, maliyyə sirridir. Amma burda söhbət kimin nə qədər əmək haqqı almasından deyil, kimlərin ipoteka krediti almasından gedir. Bu, ictimai əhəmiyyət daşıyan məsələ olduğuna görə, maliyyə sirri sayıla bilməz. Yəni söhbət nə qədər ödənişdən, məbləğdən, əmək haqqının miqdarından, aylıq gəlirdən getmir. Söhbət kimlərin ipoteka krediti əldə edə bildiyindən gedir. Məsələn, belə bir təcrübə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var. Nazirlik sosial müavinət alanlarla bağlı siyahını dərc edir. Hətta kimlərin nə qədər sosial müavinət aldığı da detallı şəkildə qeyd olunur. Yəni bu fondda şəffaflığın olmaması müəyyən söz-söhbətlər yaranmasına gətirib çıxarır. Nəticə etibarilə, vəsaitin az olması, İpoteka Fondu hansı müvəkkil banka vəsait ayırırsa, ona göstəriş verir ki, kimlər mənzil almalıdır və s. kimi söz-söhbətlər gəzməsinə səbəb olur. Bir sözlə, yaş senzi, əmək haqqı, ilkin ödəniş tələbi məsələləri ipoteka krediti üçün müraciət edənlərin imtina cavabı almasına səbəb olur". 

Qeyd edək ki, məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fondunun mövqeyini öyrənmək mümkün olmadı. Qurumun saytında qeyd olunan nömrələrin heç birinə cavab verilmir.