Hazırda dünya ÜDM-in artımı üçün başlıca təhlükə mənbəyi ticarət ixtilafları, o cümlədən ABŞ ilə Çin arasındakı qarşılıqlı rüsumlardır.
İnsider.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) sərəncamçı direktoru Kristin Laqard bildirib.
“G20 ölkələrinin liderlərilə apardığım müzakirələr zamanı dünya iqtisadiyyatının kələ-kötür yolda olduğunu söyləmişdim. Sərmayələr azalıb, ticarət xeyli zəifləyib, ixracat-idxalatın artım sürəti də böyük maliyyə böhranından sonrakı dövrdə ən aşağı həddədir. Gələcəkdə IMF artımın müəyyən qədər bərpasını gözləsə də, proqnozdakı risqlər də hələlik xeyli yüksəkdir”, – deyən IMF rəhbəri bu risqlərin ən başlıcasının ticarətlə bağlı olduğunu qeyd edib.
“ABŞ ilə Çin arasındakı ticarət danışıqları alqışlanmağa layiqdir. Lakin artıq həyata keçirilən ticarət rüsumları dünya iqtisadiyyatını əngəlləyir, həllini tapmayan məsələlər gələcəyi müəmma altına qoyur”, – deyə K.Laqard fikrini tamamlayıb.
©“Report”