formula-1-qatar-airways-azerbaycan-qran-prisi-2024-e-konullulerin-qeydiyyati-basladi

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə könüllülərin qeydiyyatı başladı

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 13-15 sentyabr 2024-cü il tarixlərində keçiriləcək növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün könüllülərin qeydiyyat mərhələsinə start verdi.

Sayca səkkizinci dəfə keçiriləcək Azərbaycan Qran Prisinin təşkili zamanı 1500 könüllünün cəlb olunması planlaşdırılır. Seçim mərhələsini uğurla başa vurmuş könüllülər Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün keçirilməsində müxtəlif sahələrdə, o cümlədən insan resursları, işçi qüvvəsi, media ilə iş, tribunalar, trek, ofis və hava limanı əməliyyatları, həmçinin digər istiqamətlərdə fəaliyyət göstərərək böyük təcrübə əldə edəcəklər.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti fəal, həvəsli, məsuliyyətli, yüksək kommunikasiya və komandada işləmək bacarığı olan könüllüləri Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 komandasına qoşulmağa dəvət edir. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq, müraciətlərin sayı çox olduğu üçün seçim zamanı xarici dil biliyi (ingilis dili) olan və daha öncə könüllü kimi fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək.

Qeyd edək ki, könüllülük proqramına 16 yaşdan yuxarı şəxslər müraciət edə bilər.

“Bildiyiniz kimi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində “BCC Akademiya” fəaliyyət göstərir. Hər il olduğu kimi bu il də yarış öncəsi hazırlıqlarla yanaşı könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər keçirilməsini nəzərdə tuturuq. Təlimlərin keçirilməsində məqsəd gənclərin komanda ruhunu artırmaq, kollektivlə işləmək bacarığını inkişaf etdirmək və onların gələcək inkişafına öz töhfəmizi verməkdir”, deyə BŞH Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirib.

Könüllülük proqramına qoşulmaq istəyənlər linkə keçid edərək, qeydiyyatdan keçə bilərlər: http://volunteers.bakucitycircuit.com/#/login

Proqram haqqında daha ətraflı məlumat almaq istəyən namizədlər

+994 12 404 13 83  nömrəsi ilə əlaqə saxlaya bilər.