fikri-sese-ceviren-implant-yaradilib

Fikri səsə çevirən implant yaradılıb

Kaliforniya Universitetinin nevroloqları beyin siqnallarını dekodlaşdıran və onları sintezlənmiş nitqə çevirən implant yaradıblar. Texnologiya əsasında neyron nitq protezlərinin yaradılması planlaşdırılır. Perspektivdə bunun insult, kəllə-beyin travması və Parkinson xəstəliyi, dağınıq skleroz və yan amiotrofik skleroz kimi müxtəlif neyrodegenerativ xəstəliklərdən əziyyət çəkən insanlara normal ünsiyyət qurmağa kömək edəcəyi gözlənilir.

Bu barədə İnsider.az "4PDA" resursuna istinadən yazır.

Nevroloji cərrahiyyə professoru Edvard Çanq bildirib: "Tarixdə ilk dəfə biz insan beyninin aktivliyi əsasında bütöv şifahi cümlələri generasiya edə bilirik. Bu onu sübut edir ki, artıq mövcud texnologiya vasitəsilə danışıq qabiliyyətini itirən xəstələr üçün kliniki baxımdan işlək qurğu yaratmaq mümkündür".

Məlumata görə, implant xəstənin beyninə yerləşdirildikdən və siqnalları skan etdikdən sonra alınan informasiyanı dekodlaşdırır və onu sintezlənmiş nitqi generasiya edən digər cihaza ötürür.

E.Çanqın sözlərinə görə, səsin anatomiya ilə dəqiq müqayisəsi alimlərə hər xəstə üçün realistik virtual səs yaratmağa imkan verir. Bunun üçün onlar tərəfindən iki kompüter təlimi alqoritmi tətbiq olunub. Onların biri danışıq zamanı yaranan beyin aktivliyinin siqnallarını virtual səs traktı hərəkətlərinə çevirən dekodlaşdırma üçün istifadə edilir. Digər alqoritm isə əldə olunan səs traktı hərəkətlərini xəstənin sintetik səsinə çevirən sintezator tərəfindən tətbiq olunur.

Texnologiyanın tibdə kütləvi tətbiqinə nə vaxt başlanacağı barədə məlumat verilmir.