ekspert-problemli-kreditlerle-bagli-hesablanmis-faizler-silinecek

Ekspert: Problemli kreditlərlə bağlı hesablanmış faizlər silinəcək


“Prezidentin imzaladığı  fərmanla fiziki şəxslərin problemli kreditlərinin həlli üçün təqribi 1 milyard 40 milyona yaxın əlavə vəsait dövlət büdcəsindən ayrılacaq”.

Bu sözləri İnsider.az- a iqtisadçı ekspert Natiq Cəfərli bu gün Prezidentin fərmanı ilə dollar kreditinə olan güzəştlərlə bağlı açıqlamasında deyib: “Təbii ki, bu irəliyə atılmış müsbət addımdır. Bu mövzu devalvasiyalardan sonra daim gündəmdə olub, insanları çox narahat edən mövzu idi. Təqribən 450-500 min insana şamil ediləcək. Yəni bu qərar 10 min dollara qədər krediti olan insanların I və II devalvasiyadan dəymiş zərərlərinin ödənilməsi ilə bağlı nəzərdə tutulub”. 

Qeyd edilən Fərman manatla kreditlərə də şamil edilirmi?

“Fərmanın manatla kreditlərə ümumiyyətlə aidiyyatı yoxdur. Manatla kreditlər kompensasiyadan kənarda qalır. Digər tərəfdən, Fərman yalnız 10000 dollara qədər olan kreditlərə aid edilir və hər bir vətəndaşa veriləcək kompensasiyanın miqdarı 5000 dollardan çox olmamalıdır. Yəni həmin şəxsin borclarının silinməsi məbləği 5000 dollardan çox olmamalıdır və bu günə qədər problemli kreditlərlə bağlı hesablanmış faizlər də silinir. Bu da çox önəmli məsələdir. Bu günə qədər həmin fərmana aid olunan banklarla müştərilər arasında olan çəkişmələr və on minlərlə məhkəmə işi geri çəkiləcək. Beləliklə, məhkəmələrin də yükü azaldılır və vətəndaşların məhkəməyə verilməsi dayandırılaraq qarşısı alınır. Həmçinin bank sektorunda müəyyən canlanmaya da səbəb olacaq, çünki vəsaitlər vətəndaşlara yox, banklara ödənilərək banklar vasitəsi ilə çatdırılacaq. Banklar vətəndaşların borclarının silinməsi yolu ilə bu vəsaiti əldə edəcəklər. Bu da banklara daha çox vəsaitə çıxış imkanları yaradacaq. Bu nöqtəyi nəzərdən təbii ki, irəliyə doğru atılmış müsbət addımdır”. 

Nübar Lətifli