demir-yollarina-kredit-ayiran-qurum-maliyye-veziyyetinin-saglamlasdirilmasini-istedi

Dəmir Yollarına kredit ayıran qurum “maliyyə vəziyyətinin sağlamlaşdırılmasını” istədi

“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, ikitərəfli görüşdə Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı ilə bağlı müzakirələr olub.

Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-də idarəetmə sisteminin gücləndirilməsi, maliyyə vəziyyətinin sağlamlaşdırılması və yüksək  əməliyyat effektivliyinə nail olunması  istiqamətində həyata keçirilən institusional və struktur islahatları barədə fikir mübadiləsi aparılıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib. Qonaq ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, beynəlxalq maliyyə institutlarından biri olan Dünya Bankı inkişaf etməkdə olan dövlətləri kreditlə təmin edir.  Bu kreditlərin əsas səbəblərindən biri də iqtisadi proqramların həyata keçirilməsidir.

Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

Marja