cop29-prezidenti-azerbaycan-alternativ-enerjiye-investisiyalarin-hecmine-gore-regionda-liderdir

COP29 prezidenti: Azərbaycan alternativ enerjiyə investisiyaların həcminə görə regionda liderdir

Azərbaycan bərpa olunan enerji mənbələrini inkişaf etdirmək və qalıq yanacaqlardan uzaqlaşmaq yolu ilə iqtisadiyyatının dekarbonizasiyasına sadiqdir.

Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, neft hasilatında azalma gözlənilir: “Lakin Ukraynada müharibə başlayandan sonra yeni tədarük mənbələri axtaran Avropa İttifaqının (Aİ) ehtiyaclarını ödəmək üçün təbii qaz hasilatını artırmaq lazımdır”.

Nazir Azərbaycanın dekarbonizasiya üzrə səyləri barədə danışarkən qeyd edib ki, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 %-ə çatdırılması planlaşdırılır. O əlavə edib ki, hazırda qalıq yanacaqların ümumi enerji balansında qoyuluş gücünün payı 98 % təşkil edir.

“Azərbaycan alternativ enerjiyə investisiyaların həcminə görə regionda liderdir. Azərbaycan ölkə iqtisadiyyatını “yaşıl” istiqamətə çevirmək niyyətindədir. Hökumətimiz artıq bu istiqamətdə bir çox proqramlar qəbul edib”, - M.Babayev vurğulayıb.

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

Report