“The Banker” jurnalı dünyanın minlərlə iri banklarının növbəti reytinqini təqdim edib. Banklar birinci dərəcəli kapital həcminə görə qiymətləndiriliblər. Ümumdünya reytinqinə xarici ana maliyyə qruplarına məxsus olan banklar daxil deyil - bu banklar fəaliyyət göstərdikləri ölkədə hüquqi şəxs olsalar belə. Belə banklar ayrıca ölkələr üzrə reytinqə daxil edilib. Cari ildə ən iri banklar siyahısına girməyə imkan yaradan birinci dərəcəli kapitalın minimal həcmi 472 milyon dollar təşkil edib. Bu da, ötən ildən 6,8% çoxdur.
Dünya liderlərinin ilk onluğunda cuzi dəyişikliklər baş verib. Belə ki, ilk dörd yerdə Çin banklarıdır: “ICBC”, “China Construction Bank” və cari ildə yerlərini dəyişmiş “Agricultural Bank of China” və “Bank of China”. İlk beşlikdə yeganə qeyri-çin bankı ötən ilin beşinci yerini qorumuş Amerikanın “JPMorgan Chase”-idir.
Liderlər onluğu isə hazırda bu sıralama ilə gedir:
1. ICBC (Çin, birinci dərəcə kapitalı 337,5 milyard dollar, aktivlər 4 trilyon dollar),
2. China Construction Bank (Çin, 287,4 milyard dollar, 3,4 trilyon dollar),
3. Agricultural Bank of China (Çin, 242,9 milyard dollar, 3,3 trilyon dollar),
4. Bank of China (Çin, 230 milyard dollar, 3,1 trilyon dollar),
5. JPMorgan Chase (ABŞ, birinci dərəcə kapitalı 209 milyard dollar, aktivlər 2,6 trilyon dollar),
6. Bank of America (ABŞ),
7. Wells Fargo (ABŞ),
8. Citigroup (ABŞ),
9. HSBC (Böyük Britaniya),
10. Mitsubishi UFJ Financial Group (Yaponiya).
Çin, ABŞ, Böyük Britaniya və Yaponiyadan başqa, "top-30"-luqda İspaniya (Banco Santander), Fransa (Credit Agricole, BNP Paribas, BPCE Group və Societe Generale), Almaniya (Deutsche Bank) və İtaliya (Unicredit) kimi ölkələrin maliyyə şirkətləri təqdim olunub.
Ümumilikdə, dünyanın ən iri banklarının otuzluğunda 11 bank ÇXR-i, 6 bank ABŞ-ı, 4 bank Fransa və Yaponiyanı, 2 bank Böyük Britaniyanı və hərəsinə bir bank olmaqla, İspaniya, Almaniya və İtaliyanı təmsil edir.
Samirə Məmmədova