blogerlere-olan-dovlet-nezareti-hansi-olkeler-internetde-azadligi-mehdudlasdirir

Blogerlərə olan dövlət nəzarəti – hansı ölkələr internetdə azadlığı məhdudlaşdırır

İlk yaradıldığı gündən internet xarici təsirlərə uğurlu qarşıdura bilən  beynəlxalq qlobal şəbəkə kimi nəzərdə tutulmuşdu. Lakin heç də bütün ölkələrə bu əl vermir. Belə ki, bir sıra ölkələrdə hakim qüvvələr tərəfindən şəbəkəyə və ya ayrı-ayrı saytlara nəzarət, məhdudiyyət, hətta sərbəst girişə qadağa qoymaq cəhdləri edilir. 

"Freedomhouse.org"-dan verilən internet azadlığı xəritəsi

İnsider.az vətəndaşlarına xarici saytlara giriş məhdudlaşdırılan və ya xarici servislər üçün məhdudiyyətlər tətbiq edilən ölkələrin siyahısını təqdim edir:

Çində internetə girişə “China’s Great Firewall” trafikin filtrasiyası sistemi nəzarət edir. Bu, “Golden Shield Project” dövlət təhlükəsizlik sisteminin bir hissəsisdir. Fayervolun (“Firewall”, tərcümədə “yanan divar”) məqsədi sərhədarası trafik sürətini azaltmaq, xarici saytları bloklamaq və potensial zərərli kontenti filtr etməkdir. Çinin ərazisində “Google”-un bütün servisləri, o cümlədən “Instagram”, “Twitter”, “WhatsApp”, “Pinterest”, “Facebook”, “Tinder”, “Netflix” və bir çoxları qeyri-əlçatandır.

Qadağa edilmiş xarici servislər və sosial şəbəkələrin əvəzinə Çində yerli analoqlar fəaliyyət göstərir. Məsələn, “WhatsApp”-ın yerini “WeChat” messenceri, “Twitter”-in yerini “Weibo”, “Instagram”-ın isə “Camera360” tutub.

Qərb servislərinin Çindəki analoqları

Çində qadağalara həmçinin “The New York Times”, “The Wall Street Journal”, “The Economist”, “The Independent”, “LeMonde”, “Financial Times”, “Bloomberg” və “Reuters” kimi xarici KİV-lər məruz qalıb. Çində Hollivud yeniliklərin əksəriyyəti nümayişə qadağa olunub.

“Golden Shield Project” kontentin senzura edilməsindən savayı, onun filtrasiyasını, antivirus proqramlarını, üztanıma sistemlərini və istifadəçilərin iki tərəfli identifikasiyasını (pasport üzrə autentifikasiya) ehtiva edir.

İnternetin hind seqmentindəki kontent müdafiə tədqiqatları və tərtibatı təşkilatı tərəfindən yaradılmış “NETRA” sistemi vasitəsilə filtr edilir. Sistem Hindistanın tədqiqat bürosunun nəzarəti altındadır və terrorizmə əks təsir göstərməyə yönəlib. “NETRA” səsli mesajları analiz edir, öz üzərindən çoxlu sayda mətn mesajları, tvitlər, elektron məktubları real zaman rejimində “sui-qəsd”, “partlayış”, “hücum” kimi açar sözlərini analiz edərək keçirir.

2011-ci ildə Hindistanda aqressiv olan və müəllif hüquqlarını pozan kontenti qadağa edən İT-sənayesi haqda qanun qüvvəyə mindi. Həmin ilin dekabr ayından etibarən bütün saytlar onlara yüklənən verilənləri moderasiya etməlidir.

2014-cü ilin iyun ayında “Sony Entertainment” şirkətinin tələbi əsasında Deli məhkəməsi aralarında “The Pirate Bay”, “Google Docs”, “Google Videos” və “URL Goo.gl” qısaltma servisi (30 mart 2019-cu ildə “Google” şirkəti “Goo.gl” qısaltma servisini bağladı) olan 472 fayl mübadiləçisini bloklamağa sərəncam verdi.

2016-cı ilin sentyabr ayında “Google”, “Microsoft” və “Yahoo” bətndaxili diaqnostika haqda qanuna riayət edilməsi üçün öz axtarış sistemlərində prenatal cins müəyyənləşdirmə ilə bağlı bütün məlumatların senzuraya məruz qalmasına razılıq verdilər.

2018-ci ilin avqust ayında Hindistan höküməti dezinformasiya ilə mübarizə çərçivəsində “Facebook”, “Instagram”, “WhatsApp” və “Telegram”-ın bloklanmasını nəzərdən keçirirdi, lakin təşəbbüs reallaşmadı.

Vyetnamda internetə giriş hökumət tərəfindən iki səviyyədə tənzimlənir: hüquqi və texniki. Hüquqi aspektlə Mədəniyyət və İnformasiya Nazirliyi və İctimai Təhlükəsizlik Nazirliyi məşğul olur. Onlar şəbəkədə seksual, zorakı və siyasi həssas kontentin olmamasına nəzarət edirlər.

Kompartiyanın şəbəkəyə girişə nəzarət üçün proqramı “Bamboo Firewall” adlanır. O, Çin fayervolunun asanlaşdırılmış versiyasına bənzəyir. Fərq ondadır ki, Vyetnamda xarici tətbiqlərinin daha çoxuna giriş əldə etmək mümkündür.

Vyetnamda internet-fəaliyyəti ilə məşğul olan bütün yerli və xarici vətəndaşlar və təşkilatlar kontentin yaradılması, yayılması və saxlanmasına görə məsuliyyət daşıyırlar.

Belə ki, Vyetnamda blogerlərə dövlət səviyyəsində nəzarət edirlər. “Yahoo 360” iri bloq-platforma idi, lakin jurnalistlərin korrupsiyanı işıqlandırdığı və kompartiyanın hərəkətlərini tənqid etdiyi vaxt, 2008-ci il böhranından sonra İnformasiya Nazirliyi bloqları şəxsi suallara məhdudlaşdıran yeni qaydalar təklif etdi.

Hazırda Vyetnamlı rəy liderlərinin öz bloqlarında sosial-siyasi tematikasına toxunmağa haqları yoxdur. Qadağa olunmuş materialların publikasiyası altı aydan yedi ilədək azadlıqdan məhrumolma cəzasını nəzərdə tutur.

2013-cü ilin sentyabr ayında kompartiya istifadəçilərə istənilən xəbərləri dərc və müzakirə etməyi, həmçinin sosial şəbəkələrdə onlara olan istinadlarla (xəbər linkləri ilə) paylaşmağı qadağa edən “Dekret 72” qəbul etdi. Bundan başqa, dekret xarici şirkətləri Vyetnam ərazisində heç olmasa bir ədəd server qurmaqlarına məcbur edir.

Ölkədə öz fikrini bildirə biləcək “Twitter”, “Blogger”, “WordPress” və digər platformalar da qadağa olunub.

İranda internet təkcə normativ-hüquqi aktlarla deyil, dini mülahizələrlə də tənzimlənir. İran internetində siyasi, seksual və anti-din xarakterli kontent qadağa olunub. Həmçinin qadın haqları barədə informasiyanı ehtiva edən bloqlar və istənilən saytlar da qadağa olunublar.

İranda hər bir provayder həm İran Telekommunikasiya şirkətinin (TCI), həm də Mədəniyyət və İslam Oriyentasiyası Nazirliyinin təsdiqini almalıdır. Provayderlər internet-kontentin və elektron poçtun filtrasiyası üçün proqram təminatını quraşdırmağa borcludurlar. Provayderlə müqavilə imzaladıqda, istifadəçi “qeyri-islam” saytlarına girməməyə dair yazılı söz verir.

2012-ci ildən bəri İranda Kiberməkan Ali Şurası fəaliyyət göstərir. Qurum proksi-serverləri bloklayır, açar sözləri üzrə kontentləri izləyir, qadağa olunmuş məzmunlu səhifələri bloklayır və istifadəçilərin şəbəkədəki fəallığını izləyir.

2013-cü ildən etibarən İranda “Tor” və “VPN”-nin istifadəsi qadağa edilib. Bundan başqa, ölkə ərazisində “Twitter”, “Wikipedia”, “Facebook” və “Google” kimi bir çox xarici servislər və sosial şəbəkələr qeyri-əlçatandır.

2009-cu ilin avqust ayında “OpenNet” təşəbbüsü xəbər verdi ki, Misirdə internetin filtrasiyasına dair sübutları aşkar etməyib. Hər şey 28 yanvar 2011-ci ildə dövlət çevrilişi zamanı etirazçıların hərəkətinin internet üzərindən koordinasiya olduğu vaxt, hakimiyyətin interneti tamamilə bağlamasından sonra dəyişdi. Qeyd edək ki, daha əvvəl heç kəs bütün ölkə üzrə interneti bağlamamışdı.

İnternetin Misir seqmentində saxta xəbərlərin yayılması, zorakılığa təhrik, dinlərə hörmətsizlik, prezidentə təhqir və hökümətin tənqidini ehtiva edən istənilən kontent qadağa olunub. Misirdə xarici servislərə və sosial şəbəkələrə girişə icazə var.

2018-ci ilin avqustunda ölkə prezidenti qadağa edilmiş saytları ziyarətə görə sanksiyaları nizamlayan “Kibercinayətkarlıq haqda” qanunu imzalayıb. Sənədə əsasən, sayt milli təhlükəsizliyi təhdid etdikdə və iqtisadi vəziyyəti pozduğu halda, bloklanacaq. Qanunda 5593 dollara qədər cərimə və yeddi ilədək həbs cəzası nəzərdə tutulub.

Türkiyədə senzura daxili və beynəlxalq qanunvericiliklə tənzimlənir. Ölkədə narkotik və qumar oyunları barədə məlumatı, intihar təbliğatı, uşaq pornoqrafiyası, həmçinin Türkiyənin ilk prezidenti Mustafa Atatürkün tənqidini ehtiva edən saytlar bloklanıb.

2014-cü ildən Türkiyə hökuməti terrorizmlə mübarizəyə isnad edərək, bir çox saytlara girişi mütəmadi bağlayırdı. Belə ki, məsələn, 2017-ci ilin aprel ayında “Wikipedia” Türkiyədə tamam bloklanmışdı.

Bu, saytda türk hakimiyyətinin Yaxın Şərqdəki döyüşçüləri dəstəklədiyi barədə xəbər çıxdığından sonra baş verdi. İki il ərzində vəziyyət dəyişməyib: servis hələ də bloklanıb və ona girişi yalnız VPN üzərindən əldə etmək mümkündür. Həmçinin ölkədə “SoundCloud”-a (musiqili striminq onlayn-servisi) giriş bağlıdır.

Bloklanma dalğası “Twitter”-ə də toxundu – 2014-cü ildə o, üç gün işləmədi. Buna səbəb istifadəçilərin hakimiyyət apparatının korrupsiyalılığı haqda tvitləri oldu. Eyni ilin iyul ayında ölkədə həmin vaxt hakim partiyanın şəxsi yazışma arxivinin dərc olunduğu “Wikileaks” də blok edilmişdi.

Pakistanda inetrnetə çıxışı Pakistan Telekommunikasiya şirkəti (PTA) təmin edir. Ölkədə provayderlər təkcə dünyəvi yox, dini qanunlara da əməl etməlidirlər. Yerli internetə dövlət üçün xoşagəlməz  və cəmiyyət üçün zərərli məlumatı filtr edən nəzarət orqanları tərəfindən kontrol edilir. Bundan başqa, ölkədə, demək olar, bütün pornoqrafik məzmunlu saytlar bloklanıb.

2010-cu ildə Allaha küfr edən materialların yayılmasına görə “Google”, “Facebook”, “Flickr” və “YouTube” blok edilmişdi. Bir qədər sonra bütün saytlara giriş bərpa edilmişdi. Pakistanda iri mediaların bloklanması, bir qayda olaraq, müvəqqəti xarakter daşıyır və ölkədəki siyasi hadisələrlə bağlıdır.

İri medialarla eyni vaxtda, hökümət rəsmi siyasi kursa zidd məlumatı ehtiva edən yerli forum və saytları bloklayır. 2012-ci ilin sentyabr ayında Pakistanda 20 mindən çox unikal “URL” bloklanmışdı.

2013-cü ildən etibarən hökümət “Netsweeper” – fayervolun misli olan ölkə ərazisindəki trafik filtrasiyası üçün platformanı – istifadə edir.

Belarusda internetə İnformasiya Nazirliyi nəzarət edir. Respublika prezidentinin 2010-cu il “İnternet şəbəkəsinin milli seqmentinin təkmilləşdirilməsi üzrə tədbirlər barədə” fərmanı hakimiyyət nöqteyi-nəzərindən arzuolunmaz məlumatların, həmçinin, silah dövriyyəsi və narkotik vasitələr barədə məlumatların yayılmasını qadağa edir.

“OpenNet Initiative” təşkilatının məlumatlarına əsasən, belarus internet-senzurasını seçici kimi sinifləşdirmək olar. Tez-tez o, qüvvədə olan hakimiyyətin siyasi əleyhdarlarına qarşı çalışır. 2000-ci illərdən başlayaraq, ölkədə internetdə müxalifətlə mübarizə aparılır.

Belarusun Dövlət Təhlkəsizlik Komitəsi 2007-ci ildən “Skype” messencerinin istifadəçilərini izləyir, çünki dövlət şəbəkəsi üzərindən keçməyən istənilən telefoniya ölkədə qadağa edilib. Qərb servislərinin və sosial şəbəkələrinin bloklanması ölkədə mövcud deyil.

2010-cu ildə Rusiya “Roskomnadzor”-unun analoqu olan operativ-analitik mərkəz ölkədə bütün bağlantı kanallarına nəzarət etməyə səlahiyyət aldı. Həmin ildə prezidentin fərmanına əsasən, bütün provayderlər istifadəçilərin ikitərəfli identifikasiyasını (pasport üzrə autentifikasiyasını) tətbiq etməli idilər.

Ölkədə internetə respublika höküməti nəzarət edir. KXDR vətəndaşların əksəriyətinin internetə çıxışı yoxdur. Hakimiyyətdən xüsusi icazə almış təşkilatlar istisna təşkil edir.

Şimali Koreyada şəbəkəyə ancaq DİN nümayəndələri, partiya xadimləri, diplomatik missiyaların əməkdaşları, Dövlət Təhlükəsizlik Xidməti, Pxenyanın üç əsas universitetinin professorları (Pyenyan Elm və Texnologiay Universiteti, Kim Çxek adına Elm və Texnologiya Universiteti və Kim İr Sen adına Universitet) və fəaliyyəti internetə girişi nəzərdə tutan təşkilatlar girə bilərlər. Məsələn, əməkdaşlarının yeni texnologiyaların araşdırması ilə məşğul olduğu Koreya Kompüter Mərkəzi.

Sıravi sakinlərin kommunikasiyası üçün 2000-ci ildə yaradılmış “Kvanmyön” adlı daxili milli şəbəkə mövcuddur. “Kvanmyön” kontentinin əsas hissəsi KXDR hakimiyyətini tərifləyən və çuçxeni (çuçxe – dövlət kommunist ideologiyası) təbliğ edən materiallardır.

ABŞ-da necədir?

“Freedomhouse.org” təşkilatının internet azadlığı reytinqinə əsasən, ABŞ ən az şəbəkə məhdudiyyəti olan ölkələrə aiddir (100 mümkün xaldan 22-si). Rusiya və Çində - 100-dən 67 və 88 xaldır.

ABŞ Konstitusiyasına ilk düzəliş söz və mətbuat azadlığını təmin edir. Qanun federal, ştat və yerli hakimiyyət orqanlarına internetdə birbaşa senzura həyata keçirməyə icazə vermir, lakin qaydalardan istisnalar, əlbəttə ki, var.

Belə ki, məsələn, uşaq pornoqrafiyası ciddi şəkildə qadağa olunub və ilk düzəlişin qüvvəsi buna şamil edilmir.

2009-cu ilin dekabrın 31-dən 2018-ci ilin iyunun 30-dək dövlət orqanının “Google”-dan kontentin silinməsinə dair ən çox sorğu sayı 2018-ci ilin iyun ayında qeydə alınıb. Onlardan 66%-i böhtan, 15%-i isə dələdzluq əlamətlərini ehtiva edən materiallara aid idi.

İnternet istifadəsinin məhdudiyyəti ABŞ-da mövcuddur, lakin tədris müəssisələrinə şamil edilir. 2016-cı ilin noyabr ayında Qanunverici İclasların Milli Konfransı  məktəb və kitabxanalarda internet istifadəsini nizamlayan qanunların qüvvədə olduğu 27 ştatdan ibarət siyahını təsdiqlədi.

Təşəbbüsə əsasən, siyahıdakı ştatların çoxu məktəblərə, tədris mərkəzlərinə və ictimai kitabxanalara yetkinlik yaşına çatmayanların zərərli materiallara çıxışının qarşısını almaq üçün xüsusi proqram təminatı quraşdırmağı tövsiyyə edir.

Samirə Məmmədova