bas-infeksionistden-ehaliye-muraciet-irana-getmeyin

Baş infeksionistdən əhaliyə müraciət: İRANA GETMƏYİN

Azərbaycanın baş infeksionisti Cəlal İsayev İranda koronavirusun yayılması, bu xəstəlikdən hətta ölüm hallarının baş verməsini nəzərə alaraq, həmin ölkəyə getmək istəyən Azərbaycan vətəndaşlarına bəzi tövsiyələrini verib.

C.İsayev bildirib ki, İranla Azərbaycan arasında gediş-gəliş çox olduğu üçün mühüm tədbirlərin görülməsi zəruridir:
“Azərbaycanda koronavirus indiyədək aşkarlanmasa da, İranla bağlı vəziyyət ciddidir. İnsanlar çalışsınlar ki, vacib işləri yoxdursa, İrana getməsinlər. İrana getdikləri zaman da çox diqqətli olmalıdırlar”.

Baş infeksionist əlavə edib ki, İrana getməyə məcbur olan Azərbaycan vətəndaşları orada insanların kütləvi toplaşdığı yerlərdən uzaq dayansınlar, yoluxmadan qorunmaq üçün maskadan, qablaşdırmış sudan istifadə etsinlər, qidalanma zamanı yaxşı bişmiş ət və ərzaqlara üstünlük versinlər, mütəmadi olaraq əllərini yusunlar:

“Əgər insanlar özlərində hər hansı şübhəli əlamət hiss edərlərsə, təcili olaraq, həkimə müraciət etsinlər. İrandan gələn insanlar termal aparatlar vasitəsilə yoxlanılır. Amma tövsiyə edərdik ki, insanlar özləri də yoxlanılma prosesində maraqlı olsunlar. Müşahidə altına götürülmə lazım olduğu zaman bundan imtina etməsinlər. Bu, onların həm özləri, həm də yaxınlığındakı qohum-əqrabalarının sağlamlığı üçün vacibdir. Sadaladığım tədbirlər görülərsə, xəstəliyin Azərbaycana keçməsinin qarşısı alınar”.

 C.İsayev qeyd edib ki, adətən, xəstəliyin yayıldığı ərazidən ölkəmizə gələnlər 14 gün ərzində xəstəxanada müşahidə altında saxlanılır.

Hazırda Azərbaycanda koronavirusa qarşı gücləndirilmiş şəkildə tədbirlərin həyata keçirlldiyini deyən C.İsayev vətəndaşları da bu tədbirlərin həyata keçirilməsində aktiv və maraqlı olmağa çağırıb (trend).

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirusa 43 nəfərin yoluxduğunu və 8 nəfərin öldüyünü təsdiqləyib.

©Modern