baki-marafonu-2024-de-bu-gunedek-10-minedek-sexs-qeydiyyatdan-kecib-video

“Bakı Marafonu 2024”də bu günədək 10 minədək şəxs qeydiyyatdan keçib - VİDEO

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçiriləcək. 7-ci dəfə təşkil ediləcək Bakı Marafonunda iştirak üçün martın 1-dən qeydiyyat başlayıb. Artıq bir ay ərzində 10 minədək şəxs növbəti marafonda iştirak üçün qeydiyyatdan keçib. Qeydiyyat aprelin 25-nədək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrində və onlayn www.marathon.az saytı vasitəsilə davam edəcək.

Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var. Qeydiyyatdan keçənlərin siyahısında Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Rusiya, Türkiyə, Türkmənistan və digər ölkələrdən iştirakçılar da yer alıb.

Bu il də bir çox tanınmış şəxs, incəsənət və idman sahəsində məşhur fəxri iştirakçı kimi Bakı Marafonuna qoşulacaq.

Ümumiyyətlə isə, 2016-cı ildən təşkil olunan Bakı Marafonu maraqlı anlar və statistika ilə yadda qalıb. Ötən altı marafonda ümumilikdə 94 mindən çox yarışçı iştirak edib. Qadın və kişi kateqoriyalarında Bakı Marafonunun ən sürətli marafonçuları Natalya Simonoviç (2023-cü il, 01:15:41) və Rinas Axmadiyev (2022-ci il, 01:04:04) olublar. On minlərlə iştirakçı və hər mövsüm 21 km-də atılan addım. Nə az, nə çox Bakı Marafonunda marşrut boyu indiyədək 2,3 milyarddan çox addım atılıb.

Qeyd edək ki, bu il yarışda qeydiyyatdan keçənlər üçün həftənin çərşənbə axşamı və cümə axşamı günləri məşqlər keçirilir.

Marafonun marşrutu: 

Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospektiBayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

“Bakı Marafonu 2024”ün mükafatlandırılması iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 manat, 2-ci yerin sahibi 2 000 manat, 3-cü yerin sahibi isə 1 000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bütün marafon iştirakçılarına və yarışın təşkilinə dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq.

“Bakı Marafonu 2024”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR, “Skechers” şirkətinin, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.

Qeydiyyat və məşqlərlə bağlı daha ətraflı məlumatı Bakı Marafonunun təşkilat qrupundan əldə etmək olar:

 (012) 310 13 31

facebook.com/bakumarathon

instagram.com/bakumarathon

www.marathon.az