baglanan-bankda-girovu-olanlarin-aqibeti-nece-olacaq

Bağlanan bankda girovu olanların aqibəti necə olacaq?

Əmanətlərin Sığortalanması Fondu 2018-ci il ərzində keçirilən 35 hərracda ləğv prosesində olan QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” ASC, “AtraBank” ASC, “Dekabank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakını satıb. 

Bu il yanvarın 1-dək Əmanətlərin Sığortalanması Fondu 2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə 824,3 milyon manat kompensasiya ödəyib ki, bu, ümumi kompensasiya öhdəliyinin 99 faizini təşkil edir.

“Banklar haqqında qanuna görə fiziki şəxslərin əmanətlərinin sığortalanması mütləqdir”.

 Bu sözləri İnsider.az saytına açıqlamasında iqtisadçı hüquqşünas Əliməmməd Nuriyev deyib: 

“Bağlanan bankın müflis elan edilməsi haqda məhkəmə qərarından 30 gündən gec olmayaraq aktivlər açıq hərrac yolu ilə satılır. Burda ödənişlərin növbəliliyi var. Bu, müflis elan olunmuş bankın aktivləri ilə kreditorlar arasında müəyyən qaydalar əsasında həll olunur. Ancaq bir məsələ də var ki, bəzi banklarda qoyulan faizlərin dərəcəsi yüksək olur. Mərkəzi Bank və Maliyyə Bazarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilmiş məbləğdən yüksək faiz qoyulubsa artıq olan hissə sığortalanmış hesab olunmur”.

Bəs girovların geri qaytarılması və ya satışı prosesi necə aparılır? 

Əliməmməd Nuriyev deyib ki, girov qoyulmuş əmlakın aqibətinə gəldikdə, bu, bankla bağlanmış müqavilə əsasında tənzimlənir: 

"Müqaviləyə imza atan zaman əmlak sahibi hansı məsuliyyətin altına girdiyini anlamalıdır. Çünki müqavilədə bütün hallar və şərtlər göstərilir. Girovların satılması zərurəti zamanı borcluya xəbərdarlıq göndərilir. Tələb olunan borc ödənilərsə, girov geri qaytarılır. Geri ödəmə olmadığı halda girov qoyulmuş əmlak açıq hərraca çıxarılaraq satılır”. 

Bağlanan bankların taleyinin qanunla necə müəyyən olunmasına aydınlıq gətirən Əliməmməd Nuriyev deyib ki, girov qoyulmuş bank bağlanıb və ya müflis olaraq ləğv edilibsə, nəticə Mərkəzi Bank və Maliyyə Bazarına Nəzarət Palatasının qərarına uyğun həll edilir:

"Belə ki, özünün qəbul etdiyi qərara əsasən bağlanmış bank ya bütövlükdə başqa banka satılır və ya başqa bankla birləşdirilir, yaxud bağlanıb yeni bank yaradılır. Bunlardan hansının baş verməsindən asılı olmayaraq bütün öhdəliklər qanunla müəyyən olunmuş banka keçir”.

Nübar Lətifli