Sentyabrın 22-dən ibtidai siniflər, sentyabrın 29-dan yuxarı siniflər və tələbələr ənənəvi təhsilə başlayacaq.
Azərbaycan məktəblərində ənənəvi təhsil mərhələlər ilə bərpa edilir.
Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə bildirib.
"Növbəti tədris ilə əlaqədar verilmiş əsas qərar bundan ibarətdir ki, uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili nəhayət ki, ənənəvi, əyani təhsil formasına tədrisə qayıdır",- nazir deyib.
Nazir söyləyib ki, ənənəvi təhsilin bərpası mərhələlər ilə, 22 sentyabr 2021-ci il tarixindən etibarən bərpa ediləcək:
"22 Sentyabr tarixindən1-4-cü siniflər, 29 sentaybrdan 5-11-ci siniflər ümumtəhsil müəssisələrində, o cümlədən 29 sentaybr tarixindən ali təhsil müəssisələri, orta ixtisas, məktəbdənkənar təhsil müəssisələri və digər təhsil müəssisələri ənənəvi, əyani təhsilə qayıdırlar. Şagirdlərimiz, tələbələrimiz həftədə 5 dəfə, bəzi məktəblərdə 6 dəfə olmaqla üz-üzə təhsilə qayıdırlar".
Özəl məktəblər əyani tədrisi öz tədris planlarına əsasən özləri müəyyən edə bilərlər. Nazir bildirib ki, onlarda tədris müddəti daha uzun olur: “Məktəbləri tez açdıqda daha çox yoluxma olur deyə, qaydalar onlara da şamil edilir. Riskləri qiymətləndirib tədrisin başlamasını planlaya bilərlər. Özəl məktəblər daha kiçikdir, say etibarilə azdır. Onlar özləri qərara verib 1-2 həftə daha tez başlaya bilərlər. İstədikləri halda gec də başlaya bilərlər".
Nazir dərslərin gec başlanmasının səbəbini də açıqlayıb:
“Məktəblərin açılıb dərhal bağlanmasındansa davamlı fəaliyyəti təşkil etmək daha düzgündür. Bir həftəni digər tətil günləri ilə əvəzləmək olar. Savamlılıq baxımından bir qədər gözləyib, 1 həftə gec başlayırıq. 1 həftə ərzində vaksinasiya nəticəsində daha çox insanda immunitet yaranacağını düşünürük”.
Emin Əmrullayev qeyd edib ki, gundəlik yoluxanların 8 faizə qədərini şagirdlər təşkil edir. Gün ərzində 10 faizə qədər yoluxma məktəblərdə olan müəllim və şagirdlər arasında olur: “Növbəti həftələrdə proqnozlaşdırırıq ki, daha az yoluxma sayı görəcəyik".
"Vaksin sertifikatı təqdim etməyənlərə güzəşt etməyəcəyik"
Emin Əmrullayev, “Ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik” deyərək çıxışına belə davam edib:
"Bununla bağlı qaydalar hazırlanır. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq".