azerbaycan-neft-fondunun-tarixinde-ilk

Azərbaycan Neft Fondunun tarixində ilk

1999-cu ildə yaradılan bu il 20 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ARDNF-nin tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dolları həcmini keçmişdir.

İnsider.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 5 milyard 960,7 milyon manat, büdcə xərcləri isə 2 milyard 640,7 milyon manat təşkil etmişdir.

2019-cu ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 605,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 833,5 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat  təşkil etmişdir.

Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 355,7 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 milyard 615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılmışdır. 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,0 milyon manat təşkil etmişdir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 332,0 milyon manat təşkil etmişdir.

2019-cu ilin 31 mart tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 4,56% artaraq 40 milyard 273,3 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur.