azerbaycan-cenub-qaz-dehlizine-9-7-mlrd-dollar-yoneldib

Azərbaycan Cənub Qaz Dəhlizinə 9,7 mlrd. dollar yönəldib

Cənub Qaz Dəhlizi üzrə 2020-ci ilin sonunadək Azərbaycanın payına düşən 10,1 mlrd. dollar dəyərində maliyyələşmənin 9,7 mlrd. dollar hissəsi, yəni ümumi sərmayə qoyuluşlarının 96%-i artıq “Cənub Qaz Dəhlizi” QSC tərəfindən yerinə yetirilib.

İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

“Cənub Qaz Dəhlizinin seqmentlərində optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində layihənin 45mlrd. dollar olan ilkin investisiya dəyəri aşağı endirilib və hazırda təqribən 40 mlrd. dollar təşkil edir. Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycanın payına düşən hissəsinin maliyyələşdirilməsi üçün “Cənub Qaz Dəhlizi” QSC-nin daha əvvəl cəlb etdiyi vəsaitlər artıqlaması ilə kifayət etdiyi üçün, beynəlxalq maliyyə institutları, o cümlədən Almaniya bankları ilə bu istiqamətdə əlavə danışıqlar aparılmır”,- o qeyd edib.

Cənub Qaz Dəhlizinin ayrı-ayrı seqmentlərinin inkişafına gəldikdə isə İ. Əhmədov bildirib ki, bütün layihələr qrafikə uyğun, bəzən hətta qrafiki qabaqlamaqla icra olunur: “Şahdəniz-2” layihəsinin ilk qazın əldə edilməsi mərhələsi artıq başa çatıb, həmin layihədə ümumi avadanlıqlar və qurğular üzrə aparılan işlərin 92,6%-i yerinə yetirilib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə işlər də artıq tamamlanmaq üzrədir. TANAP layihəsində ümumi irəliləyiş 99,6%, TAP layihəsində isə 86,5% səviyyəsindədir”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG), Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan tərəfinin maraqları “Cənub Qaz Dəhlizi” QSC tərəfindən təmin olunur.

“Cənub Qaz Dəhlizi” QSC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.

©Report