ayrilan-kompensasiyani-vetendasin-basqa-bir-banka-olan-borcuna-yoneltmek-olarmi

Ayrılan kompensasiyanı vətəndaşın başqa bir banka olan borcuna yönəltmək olarmı?

Prezidentin verdiyi fərmana əsasən problemli dollar kreditlərinə ayrılan kompensasiyalarla bağlı artıq vətəndaşları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilib, qaranlıq qalmış bir çox suallar cavabını tapıb. Vətəndaşları maraqlandıran məsələlərdən biri də bir banka ödəyib bitirdiyi məbləğə görə düşən kompensasiyanın başqa bir banka olan borca yönəldilməsidir. 

Bu mövzu ilə bağlı İnsider.az-a iqtisadçı-ekspert Vüqar Bayramov öz fikrini bildirib:

“Qaydalara əsasən kompensasiya fiziki şəxsə onun adına olan bütün kredit məbləğləri üzrə hesablanır. Əgər fiziki şəxsin bir neçə banka olan borcları 10 min dollardan çoxdursa, o halda vətəndaşa qaydalara əsasən güzəşt və kompensasiya təyin edilmir. İlk olaraq bizim təklifimiz güzəşt və kompensasiyanın vətəndaşın bir banka 10 min dollara qədər olan borcuna tətbiq olunması olsa da, çox təəssüf bu təklifimiz qəbul edilmədi və differensial 10 min dollara deyil, bütövlükdə 10 min dollara qədər olan borca aid edildi. 

Alınmış kompensasiya əsasən fiziki şəxsin borc öhdəliklərinə görə hesablandığı üçün ümumi borc öhdəliklərilə də müqayisə olunur. 

Məsələn, vətəndaş bir bankdan 3 min, digər bankdan 4 min, başqa bir bankdan isə 2 min dollar kredit götürübsə, o zaman kompensasiya ayrı-ayrılıqda deyil, bütövlükdə 9 min dollara görə hesablanır. Yəni borclar cəmlənir, sonra kompensasiya məbləği hesablanır, daha sonra cəmlənmiş borcla ödənmiş kompensasiya məbləği müqayisə olunur. Əgər borc qalıbsa, borcdan silinir, qalmayıbsa, kompensasiya məbləği vətəndaşa ödənilir”. 

Hüquq müdafiəçisi Əkrəm Həsənov isə İnsider.az saytına açıqlamasında vətəndaşın ayrılmış kompensasiyanı özü almalı olduğunu, yalnız bir halda həmin məbləğin yönləndirilməsinin mümkünlüyünü qeyd edib:

“Vətəndaşın iki banka borcu olub, biri ödənildiyi üçün ona bir bank üzrə kompensasiya düşürsə, o ayrılmış kompensasiyanı vətəndaş özü almalıdır. Çünki həmin banka olan borcu özü ödəyib. Əgər həmin məbləğ götürülüb vətəndaşın öhdəliyini yerinə yetirmədiyi borc üçün köçürülürsə, bu yalnız bir halda mümkün ola bilər. Digər bankda borcun ödənilməsi haqqında qanunu qüvvəyə minmiş məhkəmə qərarı var. Bu çox vacib nüansdır. Yəni həmin bank məhkəməyə verib, udub, qanunu qüvvəyə minib və qanunu qüvvəyə minmiş məhkəmə qərarına görə borcalanın gəliri o borcun ödənilməsinə yönəldilməlidir. Bu halda da kompensasiya təbii ki, borcalanın gəliri olduğu üçün ödənilə bilər. Amma həmin bank məhkəməyə hələ verməyib və ya verib iş hələ bitməyib, qanun qüvvəyə minmiş qərar yoxdursa, heç kəs o kompensasiya məbləğini digər bankın ödənilməsinə yönəldə bilməz”.

Vətəndaş etirazını bildirmək üçün hara müraciət edə bilər?

Vüqar Bayramov vətəndaşların kompensasiya məbləğindən və hesablanmış borc məbləğinin müqayisəsindən narazılığı olduğu təqdirdə nələr etməli olduqlarını da vurğulayıb.

“Fərmana əsasən aprel ayının 15-də son siyahı elan olunub və həmin siyahı onlayn portala yerləşdirilib.
Vətəndaşlarımızın kompensasiya məbləğindən və hesablanmış borc məbləğinin müqayisəsindən narazılığı olarsa, qaydalara əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyasına müraciət etmək hüququ var.  Apellyasiya Komissiyası ən gec 15 gün ərzində müraciətə baxıb cavablandırır. Əgər vətəndaşda texniki səbəbdən yanlışlıq olubsa və ya hesablanmış kompensasiyanın doğru olmadığı güman edilirsə, o halda Apellyasiya Komissiyasına müraciət etmək daha məqsədə uyğun olar. Belə etməklə, vətəndaş qısa zamanda öz hüquqlarını bərpa edə bilər. Vətəndaş orada da qəbul edilən qərarla razılaşmadığı halda Azərbaycan qanunvericiliyini təmin edən məhkəməyə müraciət etməklə öz hüquqlarını müdafiə edə bilər”. 

Əkrəm Həsənov da hər hansı qanunsuzluqla qarşılaşan vətəndaşın ya Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyasına, ya da məhkəməyə müraciətinin düzgün olduğunu qeyd edib.

Nübar Lətifli