alimler-canli-huceyre-daxilinde-sintetik-polimerler-yarada-bilibler

Alimlər canlı hüceyrə daxilində sintetik polimerlər yarada biliblər

Şotlandiyanın Edinburq Universitetinin alimləri canlı hüceyrə daxilində sintetik biopolimerlərin yaradılma üsulunu tərtib ediblər.

İnsider.az bildirir ki, bu barədə “Nature Chemistry” jurnalında məqalə dərc edilib.

Tədqiqatçıların qeyd etdiyinə görə, əvvəllər sintetik polimerlərin canlı hüceyrə daxilində yaradılması mümkünsüz sayılırdı. Lakin onlar öz laboratoriyalarında bunun əksini sübut etməyə nail olublar.

Alimlər işığın mövcudluğu ilə kislorod radikallarının və digər reaktiv maddələrin əmələ gəlməsinə səbəb olan molekulları insan hüceyrələrinə əlavə ediblər. Bundan başqa, hüceyrə kulturalarının içinə bioloji birləşə bilən monomerlər yerləşdirilib.

Bundan sonra kulturalara ultrabənövşəyi şüa ilə təsir göstəriblər. Bu da sərbəst radikalların əmələ gəlməsilə nəticələnib. Sonuncular monomerlərlə reaksiyaya girib onlardan polimer “tikiblər”.

Alimlər qeyd edir ki, polimerlərin bəziləri flüoressent idilər, nanozərrəciklər formalaşdırırdılar və hətta hüceyrələrin davranışlarını və hərəkətlərini dəyişirdilər.

Onların fikrincə, işin nəticələri kimyəvi biologiyanın yeni sahəsini inkişaf etdirməyə kömək edə bilərlər. Bundan başqa, polimerlərin hüceyrə kulturalarına olan təsirinin detallı şəkildə öyrənilməsi planlaşdırılır.

Samirə Məmmədova