2023-formula-1-azerbaycan-qran-prisi-gozlenilmeze-hazir-ol

2023 Formula 1 Azərbaycan Qran Prisi: Gözlənilməzə hazır ol!

Formula 1 mövsümünün ən gözlənilməz yarışının Bakı küçələrinə qayıtmasına cəmi 2 ay qaldı!

Bakıda yeddinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində paytaxtda minlərlə F1 azarkeşini qarşılamağa hazırlaşır.

2016-cı ildəki debütündən bəri bu yarış bütün gözləntiləri aşa bilmiş, Formula 1 aləmində şəhər yarışlarının ətrafındakı stereotipləri qırmağa nail olmuş və azarkeşlərin hər il səbirsizliklə gözlədiyi yarışlardan biri olmağı bacarmışdır.  

Cəsarətli ötmə manevrləri, trekdəki qızğın mübarizə, sürpriz qaliblər və podiumlar, ani dəyişikliklərin gətirdiyi nəticələr, məyusluq və sevinc – bütün bunlar Formula 1 Azərbaycan Qran Prisinin ayrılmaz hissəsidir. Bu il “Gözlənilməzə hazır ol” adı altında keçirilən 2023 Formula 1 Azərbaycan Qran Prisi bu ənənəni davam etdirərək azarkeşlərə daha bir unudulmaz həftəsonu bəxş edəcək.

Formula 1 Dünya çempionatının Azərbaycan mərhələsində indiyədək altı fərqli pilot qalib gəlib. Bu baxımdan Azərbaycan Qran Prisi gözlənilməzlərin baş verdiyi yarış titulunu qoruyub saxlaya bilib. “Bakı sindromu” kimi tanınan bu termin F1 azarkeşləri arasında populyardır.

6,003 km-lik trek uzunluğu ilə Bakı hazırkı F1 təqvimində dördüncü ən uzun trekdir və həmçinin, sıralanma turunda Lyuis Hemilton və Çarlz Leklerin qəzaya uğradığı məşhur “qala hissəsində” ən dar döngəyə (7,6 m) malikdir.   

Bundan başqa, Bakı yarışı ən sürətli şəhər yarışlarından biridir. F1 trekləri arasında ən uzun sürət düzlüyü (2.2 km) məhz Bakıdadır və qeydə alınan rəsmi maksimal sürət (Valtteri Bottas, “Williams” komandası) 366 km/saatdır.  

Lakin Bakı qlobal Formula 1 ailəsini təkcə trekdə təəccübləndirmir. Həqiqətən də, yarışı yerində və ya evdən izləyən tamaşaçılar heyrətamiz şəhər fonunda baş verən bu möhtəşəm idman tədbirində tamam fərqli təcrübə yaşayırlar. F1 pilotlarının UNESCO tərəfindən qorunan İçəri Şəhər, eləcə də şəhərin müasir siluetini və gözəl Xəzər dənizi mənzərəsini özündə birləşdirən Bakının mərkəzinin mənzərəli küçələrində yarışması yarışa xüsusi maraq qatır. Mühərriklər söndükdən sonra isə azarkeşlər zəngin tarixi və müasirliyi özündə birləşdirən şəhərimizi gecəyə qədər kəşf edə bilərlər. Bakı şərqlə qərbin, qədimliyin və müasirliyin qovuşduğu şəhərdir. Bir sözlə, F1 təqvimində bənzəri olmayan bir şəhərdir!

Qeyd edək ki, Bakı bu il ilk dəfə olaraq Sprint yarışına ev sahibliyi edəcək. Bununla da azarkeşlər hazırda cümə günü günorta saatlarında keçiriləcək ənənəvi sıralanma turu da daxil olmaqla, bu üç gün ərzində rəqabətin yüksək həddə yüksəldiyi yarışdan maksimum zövq ala biləcəklər. Aprelin 29-u, şənbə günü keçiriləcək Sprint yarışı, eyni zamanda, cari F1 mövsümünün ilk Sprint yarışıdır.

Keçirildiyi ilk ildən bəri doğma trekimizdə gözlənilməz qalibiyyət və məğlubiyyətlər, möhtəşəm qayıdışlar və məyusluqlarla dolu, hər il fərqli bir qalibi olan podiumlara şahid olmuşuq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bütün avtoidman həvəskarlarını bu il də yarış həyəcanını yaşamağa çağırır. 

Və unutmayın: Bakıda gözlənilməzə hazır olun!