kompensasiya-almaq-ucun-vetendas-kredit-aldigi-bankin-basqa-filiallarina-da-yaxinlasa-bilermi-aciqla

Kompensasiya almaq üçün vətəndaş kredit aldığı bankın başqa filiallarına da yaxınlaşa bilərmi? - AÇIQLAMA

Artıq 22 aprel tarixindən problemli kreditlərə ayrılmış kompensasiyanın vətəndaşlara təqdim edilməsi başlanılıb. Kompensasiya alacaq şəxsə ayrılmış kompensasiyanın nağd pulla və ya kartla verilməsi müəyyən edilib. 

İnsider.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov kompensasiyanın həm nağd, həm plastik kart vasitəsi ilə veriləcəyini bildirib:

“Vətəndaşa müəyyən edilmiş məbləği 500 manata qədər olan kompensasiyalar nağd şəklində ödəniləcək. 500 manatdan artıq olan kompensasiyalarla bağlı ödənişlər plastik kart vasitəsilə həyata keçiriləcək”.

İqtisadçı ekspert həmçinin vətəndaşların ayrılmış məbləği və ya kartı kredit aldığı bankın başqa filialından götürməyin mümkün olub-olmamasına da aydınlıq gətirib. 

“Qaydalara əsasən SMM vasitəsi ilə vətəndaşa ayrılmış kompensasiya məbləği haqda, eyni zamanda hansı bankdan və ya bank filialından alacağı ilə bağlı məlumat göndərilir. Vətəndaş SMM də qeyd edilən banka və ya bank filialına yaxınlaşmaqla pulu və ya plastik kartı əldə edə bilir. 

Əgər bank fəaliyyət gostərirsə, vətəndaş plastik kartı SMM-də qeyd olunan həmin bankdan və ya filialından, əgər bank müflis olub və ya müflisləşmə prosesindədirsə, o zaman Azərpoçt idarələrindən yaxınlaşmaqla əldə edəcək. 

Bank olmayan kredit təşkilatları ilə bağlı plastik kartlar da poçt idarələri  tərəfindən veriləcək. Vətəndaş poçt idarələrindən plastik kartı aldıqdan sonra istədiyi vaxt və formada istifadə etmək hüququna sahib olacaq”.

Nübar Lətifli