hemyerlimiz-bp-nin-iraq-biznesine-rehber-teyin-olundu

Həmyerlimiz BP-nin İraq biznesinə rəhbər təyin olundu

Həmyerlimiz Orxan Quliyev cari ilin aprel ayının 1-dən BP-nin İraqdakı biznesinə rəhbərlik edir. 

Bu barədə İnsider.az-a “BP-Azerbaijan”-nın vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.

BP-də çalışdığı 20 ildən artıq bir müddət ərzində O.Quliyev Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar və iri layihələr sahəsində dərin təcrübə qazanıb.

Bundan əvvəl O.Quliyev dənizdə əməliyyatlar üzrə qrup rəhbəri və platforma meneceri kimi yüksək texniki bilik və məsuliyyət tələb edən vəzifələrdə çalışıb. Daha öncə isə o, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri və Azəri-Çıraq-Günəşli layihələrində layihə mühəndisi və layihə meneceri kimi işləyib, 15 iyun 2016-cı il tarixində BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti təyin olunub. O, həmçinin BP-nin Birləşmiş Krallıqdakı mühəndis-layihə idarələrində müxtəlif vəzifələr tutub. 

O.Quliyev Azərbaycan Memarlıq və İnşaat Universitetininin inşaat mühəndisliyi üzrə magistraturasını bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qaz axınının dinamikası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

O.Quliyev, həmçinin digər ixtisaslar üzrə qərb universitetlərində də təhsil alıb - onun Böyük Britaniyanın Henli Kollecindən neft və qaz sənayesi idarəçiliyi üzrə diplomu var və 2014-cü ildə ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunun Əməliyyatlar Akademiyasını bitirib.

O, neft və qaz sənayesinin inkişafına töhfəsinə görə 2009-cu ildə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalına layiq görülüb. Evlidir, iki övladı var.