google-un-kecmis-rehberi-alphabet-in-direktorlar-surasini-terk-edecek

“Google”-un keçmiş rəhbəri “Alphabet”-in direktorlar şurasını tərk edəcək

“Google”-un keçmiş rəhbəri olan Erik Şmidt “Alphabet” şirkətinin direktorlar şurasını tərk edəcək. 

İnsider.az bildirir ki, Erik Şmidt “Google”-u 2001-ci ildən 2011-ci ilə kimi idarə edirdi. Şirkətin təsisçiləri Sergey Brin və Larri Peyc onu şirkət biznesinin inkişafı üçün dəvət etmişdilər. Onlar özləri “Google”-un texnologiyaları və məhsulları ilə məşğul olurdular. Baş direktor vəzifəsilə birgə Şmidt direktorlar şurasında yer almışdı.

“Google”-un baş direktor vəzifəsindən gedəndən sonra Şmidt əvvəlcə “Google-“-un, daha sonra isə “Alphabet”-in direktorlar şurasının sədri idi. O, bu vəzifədən 2018-ci ildə getdi.

Qeyd edək ki, Şmidt 2019-cu ilin iyun ayında direktorlar şurasında səlahiyyətləri bitdiyindən sonra “Alphabet”-in müşaviri olaraq qalacaq. Holdinqin rəhbərliyindən gedəndən sonra o, müəllimliklə və istedadlı sahibkarların dəstəyilə məşğul olmağa hazırlaşır.

Samirə Məmmədova