elilliye-gore-teyin-olunan-muavinet-ve-emek-pensiyasini-eyni-zamanda-almaq-mumkundurmu-aciqlama

Əlilliyə görə təyin olunan müavinət və Əmək pensiyasını eyni zamanda almaq mümkündürmü? - AÇIQLAMA

“Vətəndaş əlillik pensiyası alırsa ona təyin olunan əmək pensiyasını aldığı zaman əlilliyə görə təyin olunan müavinətin verilməsinə xitam verilməlidir. Hər iki pensiyanı eyni vaxt ala bilməz”.

Hüquqşünas Səməd Vəkilov İnsider.az saytına verdiyi açıqlamada əmək pensiyaları haqda qanuna əsasən vətəndaşın iki pensiyanı eyni vaxt ala bilməyəcəyini, sosial müavinətlərdən birinin ləğv edilməli olduğunu bildirib. 

“Vətəndaşın həmin pensiyalar arasında seçim etmək hüququ var. Seçimi isə vətəndaş əlbəttə məbləğin çoxluğuna görə edə bilər. Əgər ikinci müavinət təyin olunduqdan sonra hər ikisini almağa davam edibsə, bununla bağlı Sosial Müdaiə Fondunun (DSMF) iddia qaldırmaq hüququ var”, -deyə qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov İnsider.az saytına açıqlamasında sözügedən məsələ ilə bağlı fikirlərini bildirib:

““Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sosial müavinətlər ayrı-ayrı kateqoriyada olan şəxslərə sosial yardım göstərilməsi məqsədilə verilən aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Əlilliyə görə əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Əgər şəxsə əlilliyə görə müavinət ödənilirsə, onun əmək pensiyası hüququ yarandıqda və ona əmək pensiyası təyin olunduqda, həmin müavinət dayandırılır”.  

Hüquq müdafiəçisi Səməd Vəkilov ikinci müavinət təyin edildiyi zaman seçim üçün məlumat vermək öhdəliyinin vətəndaşın yaşadığı ünvana nəzarət edən DSMF-nin məsuliyyətində olduğunu əlavə edib.

“Pensiya siyasətini məhz həmin fond həyata keçirdiyi üçün vətəndaşın həmin qanundan xəbərdar olmaması mümkündür. Dövlət orqanı olaraq onun vəzifəsi bu haqda vaxtında məlumat verib, vətəndaşa seçim hüququ təqdim etməkdir.  Əgər ikinci müavinət təyin olunan zaman heç bir xəbərdarlıq edilməyib və seçim üçün vətəndaş məlumatlandırılmayıbsa, bu zaman vətəndaş məsuliyyət daşımır”. 

Fazil Talıbov isə məsələ ilə bağlı məsuliyyətin vətəndaşın üzərində olduğunu bildirərək, əlilliyə görə müavinətin ödənişinin dayandırılmasına səbəb olan hal baş verdikdə, bu barədə məlumat verilməməsinin və artıq ödənişə görə vətəndaşın məsuliyyət daşıdığını əlavə edib:

“Göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla), o cümlədən əlilliyə görə müavinətin ödənişinin dayandırılmasına səbəb olan hallar (o cümlədən əmək pensiyasının təyin edilməsi)  baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Həmin məlumatın verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır”.

Səməd Vəkilov məbləğin tutma əməliyyatının necə aparılmasına da aydınlıq gətirərək: “DSMF-dən əgər vətəndaşa xəbərdarlıq edilib və vətəndaş müraciəti cavabsız qoyubsa, sözügedən fond iddia qaldıraraq təyin olunan tutma məbləğini seçilmiş pensiyaya yönləndirə bilər. Burada müəyyən iddia müddəti təyin edilməlidir ki, iddia müddəti ilə iki ildən əvvəlki illərin ödənişləri hesablana bilməz. Son iki il hesablanaraq tutula bilər. İki ildən öncəki illəri  və verilən bütöv pulu tutmağa dövlət orqanının hüququ yoxdur” , - hüquqşünas bildirib.

Fazil Talıbov artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildiyi təqdirdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxıldığını vurğulayıb. O, hesablama və tutmanın qanun çərçivəsində necə aparıldığına da aydınlıq gətirib:
“Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu maddədə göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz.

Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 

Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır”, - deyə o qeyd edib.

Hüquqşünas belə halla qarşılaşan zaman nə etməli olduğu haqda vətəndaşları məlumatlandırıb: “Belə halla qarşılaşan zaman vətəndaş iddia irəli sürə bilər. Buna hüquqi cəhətdən hər kəsin ixtiyarı var.  Belə ki, Sosial Müdafiə Fondunun xəbərdarlıq etməməsini vətəndaş irəli sürə bilər. Reqres iddia qaldıraraq bunu məhkəmə yolu ilə ləğv etdirə və ya müəyyən güzəşlər əldə edə bilər”, - Vəkilov deyə.

Nübar Lətifli