ekoaktivistler-london-fond-birjasinin-binasina-olan-girisi-baglayiblar

Ekoaktivistlər London fond birjasının binasına olan girişi bağlayıblar

Ekoloji aktivistlər ətraf mühitin müdafiəsinə dair aksiyaların çərçivəsində London fond birjasına olan girişi bloklayıblar. İnsider.az bu barədə xəbəri “Sky News”-a istinadla verir.

Aksiya “İqlimlə bağlı fövqəladə vəziyyət”, “Həqiqəti söyləyin” və “Siz pulları yeyə bilməyəcəksiniz” şüarları altında keçirilir. Fəallar bildiriblər ki, gün boyu bu cür aksiyalar iri işgüzar və maliyyə mərkəzi olan bütün London Siti ərazisində keçiriləcək. Nümayişçilərin sözlərinə görə, bu, iqlimin dəyişməsinə təkan verən maliyyə industriyasına qarşı “koordinasiya edilmiş tədbirlərin” hissəsi olacaq.

Qeyd edək ki, Skotland-Yard daha öncə Londonda keçirilən ekoaktivistllərin aksiyası zamanı nizam pozuntusuna görə aprelin 15-dən saxlanılanların sayının min nəfəri ötdüyünü və 53 saxlanılan şəxsə ittihamların irəli sürüldüyünü bildirmişdi.

Ətraf mühitin çirkləndirilməsinin əleyhdarları artıq bir həftədən çoxdur ki, Londonun müxtəlif hissələrində mitinqlər keçirir. Etiraz aksiyalarının təşkilatçısı olan “Extinction Rebellion” ekoloji təşkilatı bəyan edib ki, hakimiyyət danışıqlara getmədiyi təqdirdə, aksiya iştirakçıları Britaniya paytaxtının həyatına daha da böyük nizamsızlıq qatacaq.

Samirə Məmmədova