bank-respublika-nin-xalis-faiz-menfeeti-24-5-milyon-manata-catib

“Bank Respublika”nın xalis faiz mənfəəti 24,5 milyon manata çatıb

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2021-ci ilin birinci yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirib.

İlin birinci yarısının nəticələrinə əsasən, Bankın xalis faiz mənfəəti artaraq 24,5 milyon manata çatıb, xalis mənfəəti isə, ötən ilin eyni dövrü ilə müqayisədə 68%-dən çox artaraq 7,5 milyon manata olub.

Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Bankın aktivləri 17% artaraq 1,2 milyard manat təşkil etmişdir ki, bu da Banka ölkənin aparıcı beş bankı sırasında yerini möhkəmləndirməsinə imkan verib. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 11% artaraq 93,5 milyon manat olmuş və minimum məcmu kapital normasını 87% üstələmişdir. Qeyd etmək lazımdır ki, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 9,56%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,37% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,9 dəfə və 1,6 dəfə çoxdur. 

“Ötən il biz, bütün dünya iqtisadiyyatı olduğu kimi ciddi çağırışlarla üzləşdik. Lakin, bizim biznes modelimizin dayanıqlığı, hökumətin böhrandan çıxmaq üçün atdığı səmərəli addımlar və komandamızın nizamlı işi bizə pandemiya dövrünü nəinki inamla keçməyimizə və müştərilərimizə dəstək verməyimizə, həm də bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirməyimizə imkan verdi. Əminik ki, 2021-ci ilin ikinci yarısında da Bank Respublika qəbul olunmuş strategiyaya uyğun olaraq dinamik inkişafına davam edəcəkdir.” deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.