azerbaycan-aib-in-asiya-inkisaf-fondunda-donor-olke-qisminde-istirak-edecek

Azərbaycan AİB-in Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcək

Bu gün Fici adalarında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı öz işini başa çatdırıb.

İnsider.az Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirib. Nazir AİB-in prezidenti Takehiko Nakao, Bankın region uzrə vitse-prezidenti Shishin Chen, Mərkəzi və Qərbi Asiya Departamentinin rəhbəri Verner Lipax və Azərbaycanı bankın idarə heyətində təmsil edən avstraliyalı icraçı direktor Toni Makdonald ilə ayrı-ayrılıqda keçirdiyi göruşlərdə prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar proqramı və əldə edilmiş nailiyyətlər, ölkənin bank-maliyyə sisteminin möhkəmləndirilməsi, o cümlədən problemli kreditlərin həlli ilə bağlı qəbul edilən son qərarlar və sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verib. Eyni zamanda, ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcəyini bəyan edib.

AİB prezidenti və digər rəsmilər Azərbaycanda aparılan islahatları təqdir edərək ölkənin sosial-iqtisadi göstəricilərinin qısa müddət ərzində yaxşılaşdırılmasını yüksək qiymətləndiriblər. Eyni zamanda, T.Nakao Prezident İlham Əliyevə salamlarını və Azərbaycanın bankın donorları siyahısına qoşulmasına görə minnətdarlığını çatdırmağı xahiş edib.

Görüşlərdə eyni zamanda bankın ölkəmizdə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.